Xəbərlər

2016-cı ilin 6 ayı ərzində ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər

01 Avqust 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi araşdırma aparılır. 

2016-cı ilin 6 ayı ərzində aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, balıq ehtiyatlarının, fauna və floranın mühafizəsi, o cümlədən məişət və istehsalat tullantılarının idarə olunması sahəsində yol verilmiş qanun pozuntularına görə 1070 akt və 351 protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 319 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 329 iş üzrə 395780 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 249 iş üzrə 483841 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı isə 2647 iş üzrə 494304 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən 207 işdən 115-nə, icra qurumlarına  göndərilən 172 işdən 87-nə, məhkəmələrə göndərilən 129 işdən 25-nə baxılaraq müvafiq tədbirlər görülüb.