Qanunsuz balıq ovu ilə bağlı reyd keçirilib
06 İyul 2016, 00:00
Ətraf Mühitin Mühafizəsi Departamentinin ərazi şöbələri tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunun Böyük Qızılağac körfəzində qanunsuz balıq ovu ilə bağlı növbəti reyd keçirilib.
Keçirilən reyd zamanı Qızılağac Dövlət Təbiət Qoruğunun Lənkəran rayonu ərazisində yerləşən Böyük Qızılağac körfəzində balıq ovlamaq məqsədilə köhnədən qurulmuş, istifadəyə yararsız və ümumi uzunluğu 4700 m olan sintetik torlar və tora düşmüş ölü vəziyyətdə 8 ədəd çəki, 1 ədəd durna balığı aşkar olunub və yandırılaraq məhv edilib. Eyni zamanda Qizilağac qoruğunun Lənkəran rayonu ərazisindəki Yasaqlıq, Masallı rayonu ərazisindəki Qızılağac, Hacı, Mikayıllı, Qaraquş və Neftçala rayonu ərazisindəki Ağquşa və Xəzər postları sahələrində də reydlər keçirilib və heç bir qanun pozuntusu faktı aşkar edilməyib.
Qeyd edək ki, qoruq ərazisində brakonyerliyə qarşı ciddi tədbirlər görülməsinə baxmayaraq, ayrı-ayrı şəxslər tərəfindən tor qurulması və qanunsuz balıq tutulması halları istisna edilmir. Bu da Böyük Qızılağac körfəzinin su akvatoriyasınnın (sahəsi 42000 hektardır) Xəzər suları ilə geniş əlaqəsinin olması və ətraf ərazilərdə yaşayış məntəqələrinin (xüsusilə Masallı rayonu Təzəkənd və lənkəran rayonu Balıqçılar kəndi) körfəz sularında yerləşməsi ilə bağlıdır.
Bu cür faktların qarşısının alınması və bu istiqamətdə məqsədyönlü tədbirlərin görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidmətinə, Su Nəqliyyatı Polis İdarəsinin Lənkəran Şöbəsinə, Lənkəran rayonu Balıqçılar və Masallı rayonu Təzəkənd, Köçəkli, Qaraqalıq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərinə məktubla müraciət olunub və əhali arasında geniş maarifləndirmə işləri aparılıb.