Yanğın hadisəsi baş verib
15 İyul 2016, 00:00
15 iyul 2016-cı il tarixində saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayında yanğın hadisəsi baş verib.
Naməlum səbəblərdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 50 sot ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Təəssüflə qeyd edirik ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir. Bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək meşə zolaqlarının yanaraq məhvinə səbəb olur. Belə ki, bəzi vətəndaşlar taxıl biçinindən sonra biçənəklərə od vurur, yaxud da istirahət məqsədilə nəzərdə tutulmayan yerlərdə tonqal qalayır və ya yanan siqaret kötüyünü yerə atır. Nəzərə almırlar ki, belə addımların nəticəsində hektarlarla meşə örtüyü ani vaxt içərisində məhv ola bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.