Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
03 İyun 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 335 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 308 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 139 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 115 m3/s təşkil edərək ongünlük normanın 59 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 3, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 sm (2015-ci il iyunun 03-də 351 sm), Salyanda 109 sm (2015-ci il iyunun 03-də 75 sm), Bankədə 179 sm (2015-ci il iyunun 03-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2015-ci il iyunun 03-də 138 sm) təşkil edir.