05 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib
03 İyun 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ənənəvi olaraq 05 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.
Belə ki, Nazirliyin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində ali məktəb tələbələrinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə “Ətraf mühitin mühafizəsi hər birimizin borcudur” mövzusunda dəyirmi masa keçirilib.
Tələbələrlə yanaşı ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi dəyirmi masada dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət, bu istiqamətdə gənc nəslin fəal rolu, gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılmasının zəruriliyi diqqətə çatdırılıb, fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universitetində sözügedən universitetlə yanaşı digər ali təhsil məktəblərinin də tələbələrinin iştirakı ilə “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda görüş keçirilib. 100-dən artıq tələbənin iştirak etdiyi görüşdə tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, yaşıl iqtisadiyyat və davamlı inkişaf, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri və s. mövzularda geniş informasiya verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.