Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

10 May 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 110-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Mayın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 330 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 467 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 152 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Mayın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 13 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2015-ci il mayın 10-da 475 sm), Salyanda 253 sm (2015-ci il mayın 10-də 238 sm), Bankədə 215 sm (2015-ci il mayın 10-da 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 173 sm (2015-ci il mayın 10-da 238 sm) təşkil edir.