Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Horadiz şəhərində vətəndaşlarla görüşüb
29 Aprel 2016, 00:00
29 aprel 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Qəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.