Xəbərlər

Yer günü ilə bağlı iməcilik keçirilib

22 Aprel 2016, 00:00

“22 aprel - Beynəlxalq Yer Günü” ilə əlaqədar  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ənənəvi olaraq ölkə ərazisində iməciliklər keçirilir.

Bu ildə 22 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, qeyri hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Hövsan qəsəbəsinin ərazisində iməcilik keçirilib. 

İməcilikdə 10 hektar sahədə abadlıq işləri aparılaraq yeni ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazi alaq otlarından təmizlənib. 

Qeyd edək ki, Beynəlxalq Yer günü ilə əlaqədar Nazirliyin Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən  regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb. 

Xatırladaq ki, “22 aprel - Beynəlxalq Yer Günü”nün keçirilmə ənənələri 19-cu əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.