Xəbərlər

Şikayətlər yerində araşdırılıb

20 Aprel 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar Xətt” xidmətinə 2016-cı ilin mart ayı ərzində ətraf mühitin mühafizəsi ilə bağlı 81 şikayət daxil olub və müraciətlər Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən araşdırılıb.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi ilə bağlı daxil olmuş 81 məlumatdan 43-ü yaşıllıqların mühafizəsi (ağacların kəsilməsi, qəzalı vəziyyətdə olması və s.), 31-i  tullantılarla (məişət, istehsalat,  çirkab sular), 5-i yerin təkindən qanunsuz istifadə və 2-si isə ova icazə biletinin verilməsi ilə bağlı olub.  

Yaşıllıqların mühafizəsi ilə bağlı daxil olmuş 43  müraciət yerində araşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. Belə ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi ilə bağlı 5 şikayət üzrə qanun pozucularına qarşı protokol tərtib edilib və 12 min 688 manat məbləğində cərimə tətbiq olunub. 5 qanunsuz ağac kəsintisi faktı ilə bağlı təqsirkarların müəyyən olunması və  qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə məktubla müraciət olunub. Qanunsuz ağac kəsilməsi ilə bağlı daxil olmuş digər müraciətlər araşdırılarkən 13 şikayət üzrə ekspertiza rəyi əsasında budanma işlərinin aparıldığı, 5 şikayət üzrə isə ağaclar qəzalı vəziyyətdə olduğuna görə ekoloji ekpertizanın rəyi əsasında kəsildiyi müəyyən olunub. Daxil olan 15 müraciət öz təsdiqini tapmayıb.

Tullantılarla bağlı daxil olmuş 31 müraciət araşdırılıb və 1 şikayət üzrə təqsirkar barəsində protokol tərtib edilərək qanun pozucusu inzibati qaydada 800 manat məbləğində  cərimə olunub, 9 fakt üzrə isə icrası məcburi olan müddətli ”məcburi göstəriş” verilib. Digər 21 müraciət öz təsdiqini tapmayıb.

Yerin təkindən qanunsuz istifadə ilə bağlı daxil olmuş 5 müraciət yerində araşdırılıb, 1 şikayət üzrə protokol tərtib edilərək qanun pozucusu 400 manat məbləğində cərimə olunub, 4 müraciət isə təsdiqini tapmayıb.

Ov üçün icazə biletinin alınması ilə bağlı daxil olmuş 2 müraciətə baxılıb və təmin edilib.