Xəbərlər

Qanunsuz ov edib cərimələndi, əvəzini ağac əkməklə ödədi

28 Yanvar 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun  23 dekabr 2015-ci il tarixində Mingəçevir şəhərində bölgə rayonları əhalisi ilə görüşündə, Goranboy rayon sakini Rafiq Quliyev müraciət edərək qanunsuz ov etdiyinə görə Nazirliyin əməkdaşları tərəfindən 1000 manat məbləğində cərimə olunduğunu və 400 manatını ödədiyini bildirib. O, səhvini başa düşdüyünü və tətbiq edilmiş cəriməni maddi imkansızlığa görə ödəyə bilmədiyini və qalan məbləğin bağışlanması üçün Nazirə müraciət edib.

Goranboy rayon sakini Rafiq Quliyevə istisna hal kimi artıq tətbiq olunmuş və ibrət xarakteri daşıyan qeyri-ənənəvi cərimə metodu tətbiq edilib. Belə ki, Nazir vətəndaşın səhvini başa düşdüyünü və mövcud vəziyyətini  nəzərə alaraq təbiətə vurduğu ziyanı yaşıllaşdırma işində iştirak edərək ağac əkməklə ödəməsini təklif edib və bununla bağlı  Ətraf Mühitin Mühafizəsi Departamentinə müvafiq tapşırıq verib. Departament tərəfindən ona tətbiq olunan cərimənin qalan hissəsinin müqabilində Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Yeni Ağcakənd meşəbəyliyinin 9a saylı meşə dolayında 300 ədəd göyrüc cinsli ağacın aqrotexniki tələblərə uyğun qaydada əkməsi təklif olunub.

Törətdiyi inzibati xətanı səmimi etiraf etməsi, maddi imkansızlığı və 300 ədəd ağacı könüllü surətdə əkməsi nəzərə alınaraq R.Quliyev barəsində tətbiq edilən cərimənin ödənilməyən hissəsinin icrasının dayandırılması məqbul hesab edilib.