Ekoloqların (meteoroloqların) proqnozu bu dəfə də özünü doğrultdu, bəzi aztapılan informasiya agentliyi və saytların ehtimalları növbəti dəfə yalan çıxdı
10 Fevral 2016, 00:00
Az oxunan və oxucu qazanmaq naminə yanlış və qərəzli şərhləri ilə diqqət çəkməyə çalışan tanınmamış sayt rəhbəri bu dəfə də məyus olub. Davamlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif səpkili, o cümlədən hava proqnozu ilə bağlı məlumatlarını qəsdən ədalətsiz şəkildə yozmağı özünə peşə seçən sayt rəhbərinin diqqətinə meteoroloji stansiyalardan fevralın 7-9-na olan hava proqnozu ilə bağlı daxil olmuş faktiki məlumatları təqdim edirik. Bu faktlarla qərəzini nümayiş etdirənlərin yalanlarını ifşa etməyə, özlərini isə yenə də məyus qoymağa məcburuq.
Fevralın 07-08-də müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat
Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın 07-dən ölkə ərazisində hava şəraiti kəskin dəyişmiş, qeyri-sabit, yağıntılı olmuş, əksər yerlərdə sulu qar, qar yağmış, güclü şimal-qərb küləyi əsmişdir. Qeyri-sabit hava şəraiti fevralın 9-u səhər saatlarınadək davam etmiş, havanın temperaturu ötən günlərlə müqayisədə 8-12 dərəcə aşağı enmişdir.
Abşeron yarımadasındafevralın 7- 8-də arabir yağış yağmış, 8-də isə Bakının bəzi ərazilərində, Biləcəridə, Sulutəpədə, Xırdalanda, Qaradağda yağış sulu qara, qara keçmiş, düşən yağıntının miqdarı 1-7 mm-ə çatmışdr.
Naxçıvan MR-da hava şəraiti yağıntılı olmuş, qar yağmış, düşən yağıntının miqdarı 5-23 mm, qar örtüyünün hündürlüyü 4-10 sm, Kiçik Qafqazda qar yağmış, düşən yağıntının miqdarı 10-17 mm, qar örtüyünün hündürlüyü 5-11 sm, Qazax-Gəncə zonasında hava şəraiti yağıntılı olmuş, qar yağmış, düşən yağıntının miqdarı 8-13 mm, Böyük Qafqazda yağıntılı olmuş, qar yağmış, düşən yağıntının miqdarı 6-19 mm, qar örtüyünün hündürlüyü 2-8, dağlıq rayonlarda isə 34-43 sm, Mərkəzi Aran rayonlarında yağıntılı olmuş, qar yağmış, düşən yağıntının miqdarı 5-25 mm, Lənkəran-Astara zonasında yağıntılı olmuş, qar yağmış, düşən yağıntının miqdarı 10-37 mm, qar örtüyünün hündürlüyü 8-17 sm olmuşdur.
Fevralın 5-də ETSN-nin rəsmi saytında dərc olunan və özünü doğrultmuş, lakin bu aztapılan məlumat saytının “doğrulmadı” deyə yazdığı hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq proqnozu bu məzmunda idi:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 07-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 09-dək davam edəcək.
Fevralın 07-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 09-u gündüzədək davam edəcək.
(http://eco.gov.az/az/xeberler/hava-seraitinin-deyiseceyi-barede-xeberdarliq-4306)