Xəbərlər

Kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib

09 Fevral 2016, 00:00

08 fevral 2016-cı il tarixində gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistan və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Xatırladaq ki, 08 fevral 2016-cı il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər  Səudiyyə Ərəbistanı və  1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər  Qətər vətəndaşı isə yaralanıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.