Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 Avqust 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə avqustun 08-i və 09-da ölkə ərazisində yağan yağışlarla əlaqədar Respublikanın bəzi çaylarında sululuq artmışdır.
Belə ki, Quba-Xaçmaz bölgəsi çaylarının sululuğunda 8-62 sm, Lənkəra-Astara bölgəsi çaylarının isə 5-7 sm artım müşahidə olunmuşdur. Yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində Böyük Qafqazın Kişçay və Şinçay çayından qısamüddətli daşqın keçmişdir. Bunun nəticəsində Qanıx çayında səviyyə 83 sm artmışdır.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-140, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 106 m3/s, ongünlük normanın 79 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 75,0 m3/s və ongünlük normanın 56 faizini təşkil etmişdir.

Avqustun 12-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 149 m3/s olmaqla, ongünlük normanın 222 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 59,0 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Ötən günlər ərzində yağan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun artımı ilə əlaqədar Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, son 5 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 68 sm, Şirvanda 63 sm, Salyanda 30 sm, Bankədə 9 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm artım qeydə alınmışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2012-ci il avqustun 12-də 333 sm), Şirvanda 277 sm (212-ci il avqustun 12-də 197 sm ), Salyanda 180 sm (2012-ci il avqustun 12-də 158 sm ), Bankədə 218 sm (2012-ci il avqustun 12-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2012-ci il avqustun 12-də 99 sm) təşkil edir.