Xəbərlər

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib

10 Avqust 2013, 00:00

10 avqust 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.
Reyd zamanı Qoruğun ərazisində Baldırğanıq adlanan sahənin 7 yerində naməlum şəxslər tərəfindən qanunsuz olaraq 147 ədəd çətənə kolunun əkilib-becərilməsi və onlara aqrotexniki qaydada qulluq göstərməsi faktı aşkar edilib. Həmin sahədə bir ədəd çadır, bir ədəd qaz balonu, yataq ləvazimatı və suvarma üçün boru da tapılıb.
Faktla bağlı ETSN tərəfindən dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. Hazırda araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.
Xatırladaq ki, avqustun 7-də də ETSN əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı Arılıq meşəsinin Sarıçay sahilində naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 16 m2 sahədə tərkibində narkotik maddələr olan 1-3,5 metr hündürlüyündə 29 ədəd çətənə bitkisinin əkilib becərilməsi və onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunmuş və faktla bağlı dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilmişdi.