Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 İyul 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 10-70, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə normanın 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 188 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici üç dəfə az olmaqla 55.0 m3/s və ongünlük normanın 36 faizini təşkil etmişdir.
İyulun 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 89.0 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 101 m3/s təşkil etmiş və ongünlük normanın 115 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 12 sm, Şirvanda 3 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda isə suyun səviyyəsində 7 sm azalma qeydə alınmışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2012-ci il iyulun 29-da 358 sm), Şirvanda 154 sm (212-ci il iyulun 29-da 232 sm ), Salyanda 85 sm (2012-ci il iyulun 29-da 190 sm ), Bankədə 219 sm (2012-ci il iyulun 29-da 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2012-ci il iyulun 29-da 116 sm) təşkil edir.