Xəbərlər

Böyük və Kiçik Qafqazın dağ çaylarında ölçmə işləri aparılıb

29 İyul 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən yay dövründə çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərflərini təyin etmək üçün bir neçə mərhələdən ibarət ölçmə işləri aparılmışdır.
İlkin mərhələdə ölçmə işləri 2013-cü il iyul ayının 15-dən 19-dək Kiçik Qafqazın Gorançay, Kürəkçay, Gəncəçay, Qoşqarçay, Şəmkirçay və Böyük Qafqazın Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay, Şinçay çaylarında aparılmışdır.
Ölçü işlərinin əsas məqsədi bu ilin gursululuq dövrünün may və iyun aylarında yağan intensiv leysan yağışları nəticəsində çaylardan keçən daşqın və selin izlərinə görə maksimal su sərflərini təyin etmək olmuşdur. Ölçü işləri zamanı hər bir çayın en kəsiyinin profili çıxarılmış, en kəsiyinin sahəsi, məcranın eni, orta dərinlik, orta maillik və orta sürət təyin edilmişdir.
Hesablamalara əsasən Kiçik Qafqazın çaylarında ən maksimal su sərfi Gəncəçayda (20,3 m3/s) olmuşdur ki, bu da keçən il ilə müqayisədə bir qədər azdır (keçən il maksimal su sərfi 36,8 m3/s olmuşdur). 1928-ci ildən aparılan müşahidə dövrü ərzində ən yüksək su sərfi 11 iyul 1965-ci il tarixində 107 m3/s olmuşdur.
Qoşqarçayda maksimal su sərfi 25,2 m3/s olmuşdur ki, bu da keçən il ilə müqayisədə azdır (keçən il maksimal su sərfi 71,5 m3/s olmuşdur). Müşahidə dövrü ərzində ən yüksək su sərfi 5 iyun 1973-cü il tarixdə 152 m3/s olmuşdur.
Böyük Qafqazın çaylarında ən maksimal su sərfləri Şinçayda 215 m3/s olmuşdur ki, bu da keçən il ilə müqayisədə bir qədər çoxdur (keçən il maksimal su sərfi 213 m3/s olmuşdur). 1934-cü ildən aparılan müşahidə dövrü ərzində ən yüksək su sərfi 16 iyul 1973-cü il tarixində 279 m3/s olmuşdur. Kişçayda maksimal su sərfi 236 m3/s olmuşdur ki, bu da keçən il ilə müqayisədə çoxdur (keçən il maksimal su sərfi 168 m3/s olmuşdur).
Kürmükçayda maksimal su sərfi 152 m3/s olmuşdur ki, bu da keçən il ilə müqayisədə çoxdur (keçən il maksimal su sərfi 36 m3/s olmuşdur). Müşahidə dövrü ərzində ən yüksək su sərfi 16 iyul 1973-cü il tarixində 420 m3/s olmuşdur.
İkinci mərhələdə növbəti ölçü işlərinin iyul ayının 29-dan avqust ayının 02-dək Böyük Qafqazın Qəbələ-İsmayıllı bölgəsinin (Tikanlıçay, Türyançay, Göyçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay), Quba-Qusar bölgəsinin (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Cağacuqçay, Ağcay) çaylarında aparılması nəzərdə tutulur.