Xəbərlər

Qanunsuz ov hallarına qarşı reydlər keçirilir

24 İyul 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə 13-19 iyul 2013-cü il tarixlərində reydlər keçirilmişdir.
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən Parkın Oğuz bölməsinin Xaçmaz meşəbəyliyinin 28-ci kvartalında, Ağçay adlanan ərazisində keçirilən reydlər zamanı qanunsuz ov etdiklərinə görə Qəbələ rayon Mıxlıqovaq kənd sakinləri Aqil Rəşidov, Xəlil Səmədov, Qərib Mahmudov, Sərdar Mahmudov, İldırım Həmidov saxlanılmış və onlarda müvafiq sənədləri olmayan 12 kalibr beşaçılan, 12 kalibr qoşalülə, 16 kalibr təklülə və 16 kalibr qoşalülə ov silahlarının olduğu müəyyən edilmişdir. Faktla bağlı həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə 4400 manat məbləğində cərimə tətbiq olunmuşdur. Qanunu pozmuş şəxslər Milli Park əməkdaşlarının qanuni tələblərinə baxmayaraq tabesizlik göstərmiş, ov silahlarını təqdim etməkdən imtina etmişlər. Həmin silahların alınaraq maddi sübut kimi götürülməsinə köməklik göstərilməsi üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət olunmuşdur.
Keçirilən növbəti reyd zamanı Şahdağ Milli Parkının Oğuz bölməsinin Daşağıl meşəbəyliyinin 01 saylı dolayı ərazisində də qanunsuz ov edən Oğuz rayon Muxas kənd sakinləri Eldəniz Həbibullayev və Ceyhun Rəhimov, Oğuz rayon Bucaq kənd sakini Tofiq Musayev, Mingəçevir rayon sakinləri Elnur Ələkbərov və Əhməd Hüseynov Milli Parkın əməkdaşları tərəfindən saxlanılmış və onlardan 2 ədəd 16 kalibr qoşalülə, 12 kalibr qoşalülə və 16 kalibr təklülə ov silahları aşkarlanaraq götürülmüşdür. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkarlar ümumilikdə 4400 manat məbləğində cərimə olunmuşlar.