Xəbərlər

Araşdırmalar yayılan məlumatların tamamilə əsassız olduğunu göstərib

06 İyul 2013, 00:00

04 iyul 2013-cü il tarixdə bir sıra kütləvi informasiya vasitələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində, Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı meşə zolağının qırılması və bu barədə guya ETSN-yə məlumat verilsə də, heç bir tədbirin görülməməsi ilə bağlı yazı dərc olunmuşdur.
Bildiririk ki, ETSN-yə bu ərazidə ağac kəsilməsi ilə bağlı məlumat verilməsi və bunun müqabilində tədbir görülməməsi barədə yazılanların heç bir əsası yoxdur. Çünki sözügedən ərazidə ağac kəsilməsi ilə əlaqədar Nazirliyə hər hansı məlumat daxil olmamışdır.
Bununla belə, yayılmış məlumatın araşdırılması məqsədilə ETSN-də təcili olaraq operativ qrup yaradılmış və mətbuatda adına istinad edilmiş şikayətçi Vaqif Əliyevin araşdırmada iştirakının təmin olunması üçün Nazirlik tərəfindən müvafiq mətbuat orqanına müraciət olunmuşdur. Lakin həmin şəxsin ünvanının və telefon nömrəsinin yazını dərc etmiş mətbu orqan tərəfindən götürülmədiyi əsas gətirildiyindən şikayətçinin araşdırmada iştirakı mümkün olmamışdır.
Nazirliyin əməkdaşları yayılan məlumatla əlaqədar araşdırma aparan bir neçə jurnalistin iştirakı ilə sözügedən əraziyə baxış keçirmişlər. Bütün ərazi boyu aparılan araşdırma və yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin ünvanda heç bir ağac kəsilməmiş, yalnız bir neçə yerdə dəmir borular basdırılmışdır. Əraziyə dəmir boruların kimlər tərəfindən basdırılması araşdırılılr. Çünki mövcud qanunvericiliklə torpaqlardan istifadə onun mülkiyyətçisi tərəfindən həyata keçirilir və torpaq sahəsinin ayrılması da aidiyyəti qurumların səlahiyyətində olduğundan ETSN bu ünvandakı torpaq sahəsinin kimə ayrılmasından məlumatsızdır. Buna baxmayaraq, sözügedən ərazidə mövcud olan ağaclar Nazirliyin əməkdaşları tərəfindən sayılaraq müvafiq icra orqanlarına təhvil verilmiş və ərazi nəzarətə götürülmüşdür.
Bildiririk ki, haqsız, yoxlanılmamış faktlar əsasında məlumatların yayılması bizdə sadəcə təəssüf doğurur. Ağac kəsilməsi barədə məlumat vermiş Vaqif Əliyev adlı şəxsin ünvanının, telefon nömrəsinin mətbu orqan tərəfindən götürülməməsi və anonim zəng əsasında yoxlanılmamış, qarşı tərəflə dəqiqləşdirilməmiş məlumatın yayılması jurnalistikanın prinsiplərinə nə dərəcədə uyğun gəlir?
Hesab edirik ki, bu cür yazıların mətbuatda yer alması ictimai fikri çaşdırmağa xidmət edir, məqsədli surətdə aidiyyəti olmayan məqamlar ETSN ilə bağlanılır, onun adının hallandırılması üçün yerli-yersiz səbəblər axtarılır. Halbuki müəyyən torpaq sahələrində yaşıllıqların çəpərə alınması və tikinti işlərinin aparılması barədə sərəncamlar ETSN tərəfindən verilmir.