Xəbərlər

Gənc nəslin ekoloji maarifləndirilməsi istiqamətində növbəti seminar keçirilmişdir

06 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması, ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği məqsədilə silsilə tədbirlər həyata keçirilir.
06 dekabr 2013-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə maarifləndirici seminar keçirilmişdir.
Seminar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sözügedən Universitet arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış “Ekoklub”unn təşkilatçılığı ilə baş tutmuşdur.
Görüşdə Nazirliyin regional Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin mütəxəssisləri və Universitetin müəllim-tələbə kollektivi iştirak etmişdir.
Tədbirdə “Ekoklub”un yaradılmasının məqsədi, dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçılarına xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Məlumat üçün qeyd edirik ki, ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, həmçinin, Nazirliyin gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.