Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

20 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 01-15 iyun tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 123 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 44 iş üzrə 229200 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 1753,72 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 723 iş üzrə 125507,9 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qruplarına 22, məhkəmələrə isə 1 iş göndərilmişdir.