Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

10 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə keçən günlər ərzində arabir yağan yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyəsində 8-10 sm, Kiçik Qafqazın çaylarında 1-3 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 7-11 sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz
bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 188 m3/s olmaqla, ongünlük normanın 31 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər çox olmaqla 222 m3/s və ongünlük normanın 37 faizini təşkil etmişdir.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 55 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 218 m3/s olmaqla, ongünlük normanın 111 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 158 m3/s təşkil etmiş və ongünlük normanın 81 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişikliklər müşahidə olunmamışdır. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsində 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, lakin Salyanda 10 sm, Bankədə 4 sm azalma qeydə alınmış, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 425 sm (2012-ci il iyunun 10-da 368 sm), Şirvanda 301 sm (2012-ci il iyunun 10-da 227 sm ), Salyanda 260 sm (2012-ci il iyunun 10-da 193 sm ), Bankədə 241 sm (2012-ci il iyunun 10-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2012-ci il iyunun 10-da 76 sm) təşkil edir.