Xəbərlər

05 iyun “Ümumdünya ətraf mühit günü” günü ilə əlaqədar “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir

05 İyun 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ənənəvi olaraq 05 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
05 iyun 2013-cü il tarixində Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində ali məktəb tələbələrinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tələbələrlə yanaşı ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçılarına eyni zamanda, ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş informasiya verilmiş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Dəyirmi masada ətraf mühit sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bildirilmiş, dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.