Xəbərlər

Şikayət məktubu əsasında araşdırma aparılıb

05 İyun 2013, 00:00

Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafına tullantıların atılması barədə daxil olmuş şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Qeyd edək ki, şikayət məktubu Bakı şəhər sakini Kənan Kərimov tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərilmişdir. Məktub aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olduqdan dərhal sonra Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları şikayətdə göstərilən əraziyə baxış keçirmişdir.
Bildiririk ki, araşdırmada iştirak etməsi üçün şikayətçi ilə dəfələrlə əlaqə saxlansa da o, vaxtının olmaması səbəbindən araşdırmada iştirakdan imtina etmişdir.
Əraziyə baxış zamanı Qanlı göl ətrafına vətəndaşlar tərəfindən yük avtomobilləri vasitəsilə pərakəndə şəkildə bərk məişət və tikinti tullantılarının atıldığı aşkar edilmişdir.
Departamentin əməkdaşları tərəfindən Qanlı göl ətrafında dəfələrlə günün ayrı-ayrı vaxtlarında reydlər keçirilmişdir. Keçirilən reyd zamanı Sumqayıt şəhər sakini Fərman Qədimov tərəfindən 50-CH-871 dövlət nömrə nişanlı ZİL-130 markalı yük avtomobili ilə gölün ətrafına tullantıların atılması faktı aşkar olunmuşdur.
Faktla bağlı protokol tərtib olunaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən F.Qədimov inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir.