Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (may ayının III ongünlüyü üçün)

30 May 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
May ayının III ongünlüyündə Kür çayında suyun sərfi may ayının ayının II öngünlüyünə nisbətən 80 m3/san azalaraq 282 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 4, Ağstafaçayda fenollar 4, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
May ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə isə fenollar 2, mis birləşmələri 4, Bəhramtəpədə isə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.42-6.15 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.