Xəbərlər

05 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” ərəfəsində Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirilmişdir

27 May 2013, 00:00

05 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” ərəfəsində ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə Bakı Dövlət Universitetinin tələbə və müəllim kollektivi ilə görüş keçirilmişdir.
100-dən artıq tələbənin iştirak görüşdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçılarına eyni zamanda, 05 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü”, ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş informasiya verilmiş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sözügedən universitet arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış “Ekoklub”un təşkilatçılığı ilə baş tutmuşdur.
Məlumat üçün qeyd edirik ki, ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, həmçinin, Nazirliyin yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.