Xəbərlər

Qırmızı göldə növbəti monitorinq keçirilib

06 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Qırmızı gölün ekoloji vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinq keçirilib. Monitorinq zamanı göldən su nümunələri götürülərək onlar üzərində fiziki-kimyəvi, kimyəvi təhlillər aparılıb, ərazinin radiasiya fonu ölçülüb.
Analizlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən neft və neft məhsulları 6-18, fenollar 34-38 dəfə yol verilən qatılıq həddini keçib. Duzluluq dərəcəsi normadan 8-10 dəfə artıq olub. Ərazidə radiasiya fonu norma daxilində olmaqla 7-14 mkR/ saat təşkil edib.
Qeyd edək ki, gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft, neft məhsulları və fenollarla həddindən artıq çirklənməsi, eləcə də digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalıb, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılıb.
Bildiririk ki, ərazisi 7,2 km2 , suyunun həcmi 8,3 mln m3 olan Qırmızı göl Qaradağ rayonunun ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı göl uzun illər antropogen çirklənməyə məruz qalıb və hazırda da qalmaqda davam edir.