Xəbərlər

Təbiətə ziyan vurub cərimələndilər, əvəzini ağac əkməklə ödədilər

25 May 2013, 00:00

Bu ilin may ayının 15-də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Şirvan şəhərində, bölgə rayonları əhalisi ilə görüşündə, istisna hal kimi, indiyədək tətbiq olunmayan və ibrət xarakteri daşıyan qeyri-ənənəvi cərimə metodundan istifadə edilməsinə təşəbbüs göstərilib.
Belə ki, qəbula gəlmiş Saatlı rayonunun Əhmədbəyli kənd orta məktəbinin müəllimi Aydın İbadov və onun işsiz olan əmisi oğlu Balaxan İbayev, ətraf mühitə vurduqları ziyana görə ETSN-nin əməkdaşları tərəfindən hər biri 650 manat məbləğində cərimə olunduqlarını bildirmişlər. Onlar səhvlərini etiraf etmiş, lakin maddi durumlarına görə cəriməni ödəyə bilmədiklərini deyərək nazirdən cərimə məbləğinin bağışlanılmasını xahiş etmişlər.
Nazir H.Bağırov cərimənin bağışlanması barədə müraciəti orijinal tərzdə cavablandırmışdır: “səhvi başa düşməyiniz və maddi vəziyyətiniz nəzərə alınaraq istisna hal kimi cəriməniz bağışlana bilər, lakin təbiətə vurduğunuz ziyanı yaşıllaşdırma işində iştirak edərək, ağac əkməklə ödəməyi təklif edirəm”. Təklif onlar üçün gözlənilməz olsa da, məsələnin mahiyyəti və ibrətamiz xarakteri bu şəxslərə başa salınmış, yalnız bundan sonra səhvlərini düzəltmək məqsədilə onlara imkan və fürsət verildiyini anlamışlar. Görüşdə qərara alınmışdır ki, Aydın İbadov və Balaxan İbayev təbiətə vurduqları ziyanın cəriməsini 25 may 2013-cü il tarixində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkməklə ödəsinlər.
Bu gün jurnalistlərin iştirakı ilə, istisna hal kimi, indiyədək tətbiq olunmayan və ibrət xarakteri daşıyan qeyri-ənənəvi cərimə metodundan istifadə edildi, Aydın İbadov və Balaxan İbayev barələrində yazılmış cərimə məbləğlərini ödəməkdən azad olunaraq Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkdilər. “Bir səhv eləmişdik, amma maddi durumumuz nəzərə alındı, bu səhvi düzəltməyə imkan və fürsət verildi, bu bizə dərs oldu, başqalarına da ibrət olar. Bu gün burda ağac əkməklə özümüzü çox yüngül hiss etdik. Buna görə Nazirliyə minnətdarıq” - Saatlı rayonunun Əhmədbəyli kənd məktəbinin müəllimi Aydın İbadov Ekologiya və Təbii Sərvətlər Nazirliyinə olan təşəkkürünü bu sözlərlə yekunlaşdırıb.