Xəbərlər

Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində Xəzər universitetində müəllim və tələbə kollektivi ilə görüş keçirilmişdir

30 Aprel 2013, 00:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması və Ulu Öndərin bu istiqamətdə ideyalarının təbliği məqsədi ilə maarifləndirici seminarlar keçirilir.
Növbəti seminar 30 aprel 2013-cü il tarixində Xəzər universitetində müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə vaxtilə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər haqqında danışılaraq onun ideyalarının gənclərin ekoloji bilik və bacarıqlarının artırılması sahəsində əhəmiyyəti diqqətə çatdırılmışdır.
Eyni zamanda, tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Məlumat üçün qeyd edək ki, görüş Ekologiya Təbii Sərvətlər Nazirliyi və Xəzər Universiteti tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış ekoklubun təşkilatçılığı ilə baş tutmuşdur. “Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin mühafizəsinin təbliği, həmçinin, Nazirliyin gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.