Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (aprel ayının I ongünlüyü üçün)

12 Aprel 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 178 m3/san artaraq 441 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçayda fenollar 3, mis birləşmələri 4, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Aprel ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar 4, mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.62-6.13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.