Xəbərlər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində gənc nəslin ətraf mühit sahəsində biliklərinin artırılması məqsədi ilə maarifləndirici seminarlara start verilmişdir

10 Aprel 2013, 00:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə maarifləndirici seminarlara start verilmişdir.
Layihə çərçivəsində ali təhsil müəssisələri tələbələri arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə mühazirələrin oxunacağı nəzərdə tutulur.
İlk tədbir 10 aprel 2013-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutmuşdur. Universitetin 100-ə yaxın tələbəsi ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri arasında görüş keçirilmişdir.
Seminarda dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Məlumat üçün qeyd edirik ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”lar yaradılmış və bu klublara ümumilikdə 1000-ə yaxın aktiv tələbə üzv olmuşdur.
“Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, həmçinin, Nazirliyin gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.