Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Lənkəranda cənub bölgəsində yaşayan vətəndaşlarla görüşüb

09 Aprel 2013, 00:00

09 aprel 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində görüşmüş, onların şikayət və təkliflərini dinləmişdir.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağirovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak etmiş və bölgə rayonlarından olan 50-dən artıq vətəndaşın müraciətlərinə baxılmışdır.
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağli şikayət və təkliflər dinlənilmiş, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülmüşdür.
Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilmiş, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.