Xəbərlər

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil ediyinə görə direktor işdən azad edilib

27 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) meşələrin qorunub mühafizə olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı Balakən MMBM-in 5 meşə dolayında 797,23 m3 həcmində, 3606,81 manat köküstə nırx dəyərində ağacların qanunsuz kəsilməsi faktı aşkar edilmiş
və toplanmış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prakrorluğuna göndərilmişdir. Bundan başqa, Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən son günlərdə Balakən MMBM-in ərazisində aparılmış qəfləti yoxlamalar zamanı 171,45 m3 həcmində, 690,18 manat köküstə nırx dəyərində qanunsuz ağac kəsilməsi faktı da müəyyən olunmuşdur.
Beləlilklə, aparılan araşdırmalar zamanı Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər vəzifəli şəxslərinin öz vəzifə borclarını layiqincə icra etməmələri nəticəsində meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilmişdir.
Qeyd edək ki, aparılan araşdırmalar zamanı aşkar olunmuş özbaşına qırıntılara görə hesablanmış 4296,99 manat məbləğində ziyanın təqsirkarlar tərəfindən ödənilməsi təmin olunmuşdur.
Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Balakən MMBM-in direktoru işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yol verilmiş qanun pozuntularına görə cavabdeh olan digər işçilər barəsində də qanunamüvafiq qaydada ciddi intizam tənbehi tədbirləri görülmüşdür.