Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

11 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı qeydə alınmışdır. Belə ki, son 4 gün ərzində
ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 65 sm, Lənkərançay-Sifidorda 49 sm, Vəşərüçay-Daştatükdə 53 sm, Viləşçay-Şıxlarda 30 sm artım müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 270-510, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 140 m3/s və ongünlük normanın 52 faizini təşkil etmişdir.
Martın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 81 m3/s təşkil etmiş və ongünlük normanın 86 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10 sm artım qeydə alınmış, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2012-ci il martın 11-də 670 sm), Şirvanda 298 sm (2012-ci il martın 11-də 570 sm ), Salyanda 256 sm (2012-ci il martın 11-də 503 sm ), Bankədə 243 sm (2012-ci il martın 11-də 355 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il martın 11-də 411 sm) təşkil edir.