Xəbərlər

İşlərində yol verdikləri nöqsanlara görə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin məsul şəxsləri cəzalandırılıb

01 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə respublikanın müxtəlif ərazilərindəki magistral avtomobil yollarının kənarlarında qanunsuz ovlanmış çöl quşlarının və heyvanların satılması ilə bağlı daxil olmuş məlumatlar əsasında ETSN tərəfindən Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə xidməti ərazilərində qanunsuz ov edilməsinə, heyvanların və çöl quşlarının qeyri-qanuni satışına qarşı ciddi tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir.
Buna baxmayaraq verilən tapşırıqlara ciddi əməl olunmamış, qanunsuz ovlanmış çöl quşlarının və heyvanların yol kənarlarında satılması halları aradan qaldırılmamışdır. Qeyd olunan ərazilərə aidiyyəti Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri tərəfindən nəzarət tələb olunan səviyyədə həyata keçirilməmiş və qanun pozuntuları ilə bağlı ciddi tədbirlərin görülməməsi səbəbindən anoloji hallara yol verilmişdir.
Belə ki, 1, 3, 4 və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəhbərliyi və əməkdaşları tərəfindən xidməti ərazilərində brakonyerliyə qarşı yetərincə tədbirlər görülməmiş, qanun pozucuları qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunmamış, neqativ halların aradan qaldırılması üçün yerli icra, özünüidarətmə və polis orqanları qaşısında zəruri məsələlər ciddi şəkildə qaldırılmamışdır. Bunun nəticəsində, qeyd olunan ərazilərdə qanunsuz ovlanmış çöl quşlarının satılmasına şərait yaranmışdır.
Xidməti ərazilərində, yol kənarlarında qanunsuz ovlanmış çöl quşlarının və heyvanların satışına qarşı ciddi tədbirlər görmədiklərinə, nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə və vəzifələrini lazımi şəkildə yerinə yetirmədiklərinə görə 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad) rəisi, rəis müavini, sektor müdiri və məsləhətçi-müfəttişi, 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi (xidməti ərazisi Şirvan, Sabirabad, Hacıqabul, Salyan, Biləsuvar, Neftçala), 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Sumqayıt, Abşeron, Qobustan, Xızı) rəisi, rəis müavini və məsləhətçi-müfəttişi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Xaçmaz, Quba, Qusar, Siyəzən) rəisi, sektor müdiri və məsləhətçi-müfəttişi cəzalandırılaraq vəzifələri aşağı salınmışdır. Eyni zamanda, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi-müfəttişləri Ramiz Bəbirov və Elnur Əhmədova töhmət verilmiş, 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi-müfəttişi Mikayıl Cəfərov və baş məsləhətçisi Təyyar Əhmədov isə dövlət qulluğundan azad edilərək onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir.
Qeyd edək ki, Nazirliyə respublikanın müxtəlif ərazilərindəki magistral avtomobil yollarının kənarlarında qanunsuz ovlanmış çöl quşlarının və heyvanların satılması ilə bağlı daxil olan məlumatlar əsasında qanunsuz ovlanmış heyvanların və çöl quşlarının satışının qarşısının alınması məqsədilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə birgə Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən Lənkəran, Masallı, Biləsuvar, Hacıqabul və Qobustan rayonlarının ərazilərində reydlər keçirilmiş və qanunsuz ovlanmış çöl quşlarının satışı aşkar olunmuşdur. Reydlər zamanı ayrı-ayrı şəxslərdən qaşqaldaq, həmçinin adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş bəzgək quşları götürülmüş və yandırılaraq məhv edilmişdir.
Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa əməl olunması məqsədilə Nazirlik tərəfindən bu kimi reydlər davam etdirilir.