Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

25 Fevral 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə fevralın 24-ü gündüzdən 25-i səhərədək ölkə ərazisində yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Belə ki, ərazidən axan Lənkərənçay-Lənkəranda suyun səviyyəsində 28 sm, Lənkərançay-Sifidorda 8 sm, Vəşərüçay-Daştatükdə 17 sm, Viləşçay-Şıxlarda 24 sm artım qeydə alınmışdır.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-170, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında 100-290, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 144 m3/s və ongünlük normanın 74 faizini təşkil etmişdir.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 70 m3/s təşkil etmiş və ongünlük normanın 92 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 17 sm, Şirvanda 4 sm, Bankədə 2 sm, Salyanda 16 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 424 sm (2012-ci il fevralın 25-də 622 sm), Şirvanda 295 sm (2012-ci il fevralın 25-də 514 sm), Salyanda 296 sm (2012-ci il fevralın 25-də 466 sm), Bankədə 245 sm (2012-ci il fevralın 25-də 335 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2012-ci il fevralın 25-də 325 sm) təşkil edir.