Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (fevral ayının I ongünlüyü üçün)

13 Fevral 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Fevral ayının I ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının III ongünlüyünə nisbətən 5 m3/san artaraq 140 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olması müşahidə olunmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Fevral ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, I Şahsevəndə isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.89-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.