Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (yanvar ayının III ongünlüyü üçün)

05 Fevral 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən 1 m3/san azalaraq 135 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Yanvar ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevəndə fenollar 2, mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-6.41 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.