Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 Yanvar 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-220, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-200, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Hazırda məntəqədə su sərfi 132 m3/s, ongünlük normanın 84 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 136 m3/s və ongünlük normanın 87 faizini təşkil etmişdir.
Yanvarın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 66 m3/s təşkil etmiş və ongünlük normanın 99 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir. Belə ki, yanvarın 18-dan etibarən Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 8 sm, Bankədə 9 sm, Salyanda 16 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma qeydə alınmışdır. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 456 sm (2012-ci il yanvarın 21-də 541 sm), Şirvanda 335 sm (2012-ci il yanvarın 21-də 424 sm ), Salyanda 286 sm (2012-ci il yanvarın 21-də 395 sm), Bankədə 252 sm (2012-ci il yanvarın 21-də 301 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il yanvarın 21-də 288 sm) təşkil edir.