Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (dekabr ayının III ongünlüyü üçün)

07 Yanvar 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Dekabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının II ongünlüyünə nisbətən 19 m3/san artaraq 159 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində, Ağstafaçayda və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Dekabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.46-6.05 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.