Xəbərlər

“Abşeron yarımadasında mövcud olan göllərin çirklənmə mənbələri və ekoloji bərpası” mövzusunda “Açıq qapı” vətəndaş forumu keçirilib

27 Noyabr 2012, 00:00

27 noyabr 2012-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Abşeron yarımadasında mövcud olan göllərin çirklənmə mənbələri və ekoloji bərpası” mövzusunda “Açıq qapı” vətəndaş forumu keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf və Səhiyyə Nazirliklərinin, Dövlət Neft Şirkətinin, “Azərsu”ASC-nin, Bakı şəhər İcra Hakimiyyətinin həmçinin, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.
“Açıq qapı” vətəndaş forumunda iştirak edən dövlət orqanlarının nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Abşeron yarımadasında mövcud olan göllərin çirklənmə mənbələri və ekoloji bərpası, həmçinin, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində son illər həyata keçirilmiş tədbirlər barədə ictimaiyyət nümayəndələrinə məlumat verilib və bu sahədə qarşıda duran məsələlər barədə müzakirələr aparılıb.
Görüş iştirakçıları göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə tullantı və lay sularının göllərə axıdılmasının qarşısının alınması, göllərin və ətraf ərazilərin bərk məişət və sənaye tullantıları, neft məhsulları ilə çirklənməsinin qarşısının alınması, torpaq mülkiyyətçiləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsinin vacib olduğunu qeyd etmiş və bundan sonra ekoloji bərpa layihəsinin işlənilməsinin və həyata keçirilməsinin məqsədəuyğunluğunu bildirmişlər. Həmçinin forumda su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi qeyd olunmuş, dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.