Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

28 Noyabr 2013, 00:00

28 noyabr 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib.
Kollegiya iclasında beş məsələ - Ətraf Mühitin Mühafizəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı, Meşələrin İnkişafı, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentlərinin və Milli Geoloji Kəşfiyyat Xidmətinin, həmçinin onların tabeli qurumlarının 2013-cü ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
İclası giriş sözü ilə açan Nazir H.Bağırov ölkə Prezidentinin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini və hazırda da davam etdirildiyini bildirib.
Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov çıxış edərək cari ilin keçən dövrü ərzində Departament tərəfindən görülmüş işlərin yekunu, “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması da iclasda təəssüflə qeyd olunub.
Bundan başqa, iclasda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirildiyi də vurğulanıb. Bu barədə məlumat verən Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadov görülmüş işlərlə yanaşı, “Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İdarə Edilməsi və Mühafizəsi üçün yaradılan Xüsusi Fondlar”a daxilolmaların icra vəziyyəti, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə məruzə edib.
Meşələrin artırılması və bərpası istiqamətində 2013-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həmçinin “Meşələrin qorunub saxlanılması və təkrar istehsalı Fondu” na daxilomaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Şakir İsmayılov məlumat verib. İclasda meşələrin mühafizəsi və bərpası sahəsində görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlər də müzakirə edilib.
Kollegiya iclasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Qazi Hacıkərimov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənov da çıxış edərək 2013-cü ilin ötən dövrü ərzində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb.
Ümumiyyətlə iclasda 2013-cü ilin keçən dövrü ərzində ətraf mühitin mühafizəsi sahəsində əldə olunan uğurlar, görülmüş müsbət işlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu qeyd olunub. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Kollegiya iclasının Qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin, Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin, Milli Parkların və Qoruqların bir neçə rəhbər işçisinə töhmət elan olunub, xəbərdarlıq edilib, 2 nəfər isə işdən azad olunması ilə bağlı ərizələri nəzərə alınaraq tutduğu vəzifədən çıxarılıb.