Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 Noyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə noyabrın 11-i gün ərzində, 12-i gecə və səhərədək yağan yağışlarla, xüsusən də Lənkəran-Astara bölgəsində yağıntının intensiv olması ilə əlaqədar Lənkəran-Astara bölgəsi çaylarında sululuq kəskin artmışdır. Belə ki, Lənkərançay-Lənkəranda suyun səviyyəsində 76 sm, Lənkərançay-Sifidorda 36 sm, Vəşərüçay-Daştatükdə 73 sm, Viləşçay-Şıxlarda isə
64 sm artım müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-180, Kiçik Qafqazın çaylarında 50-100, Naxçıvan MR çaylarında 50 faizini təşkil edir. Ən yüksək sululuq isə Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, burada sululuq 210-590 faizi təşkil edir.


Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 181 m3/s, ongünlük normanın 103 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 176 m3/s və ongünlük normanın 100 faizini təşkil etmişdir.
Noyabrın 12-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 130 m3/s təşkil etmiş və ongünlük normanın 152 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 7 sm , Şirvanda 9 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Salyanda 13 sm, Bankədə isə suyun səviyyəsində 22 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2011-ci il noyabrın 12-də 563 sm), Şirvanda 247 sm (2011-ci il noyabrın 12-də 463 sm ), Salyanda 223 sm (2011-ci il noyabrın 12-də 463 sm), Bankədə 241 sm (2011-ci il noyabrın 12-də 311 sm), Araz çayının Novruzlu məntəqəsində isə 193 sm (2011-ci il noyabrın 12-də 308 sm) təşkil edir.