Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (oktyabr ayının III ongünlüyü üçün)

31 Oktyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının II ongünlüyünə nisbətən 3 m3/san azalaraq 132 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Oktyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Bəhramtəpədə fenollar 2, mis birləşmələri 3, I Şahsevəndə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.95-6.24 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.