Xəbərlər

Ovçular Cəmiyyətinin qanunsuz əməlləri Beyləqan rayonu ərazisində ölümlə nəticələnən xoşagəlməz hadisənin baş verməsinə səbəb olmuşdur

21 Oktyabr 2012, 00:00

20 oktyabr 2012-ci il tarixində gecə saatlarında Beyləqan rayonu ərazisində Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə KİV-də məlumat yayılmışdır.
Bunula bağlı ETSN bildirir ki, ölümlə nəticələnən hadisə Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsidir.
Belə ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylamış, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirmiş, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərmişdir. Qeyd edək ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır.
Xatırladaq ki, 2004-cü ildə Azərbaycan Respublikası Ovçuluq haqqında Qanunun qəbul edilməsindən sonra ölkə ərazisində ovçulugun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-yə verilmişdir.
Bildiririk ki, Ovçular Cəmiyyəti rəhbərliyinin bu qanunsuz əməlləri Beyləqan rayonu ərazisində ölümlə nəticələnən xoşagəlməz hadisənin baş verməsinə səbəb olmuş və faciənin bütün məsuliyyəti tam olaraq Cəmiyyət rəhbərliyinin üzərinə düşür.