Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (oktyabr ayının I ongünlüyü üçün)

15 Oktyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Oktyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 23.6 m3/san artaraq 104 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçayda fenollar 3, mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Oktyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələr 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.82-6.13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.