Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

10 Avqust 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-90, Naxçıvan MR çaylarında isə 105-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 82 m3/s, ongünlük normanın 62 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 102 m3/s və ongünlük normanın 77 faizini təşkil etmişdir.
Avqustun 06-dan başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 127 m3/s təşkil etmiş və ongünlük normanın 183 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 06-dan başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 sm, Şirvanda 7 sm, Salyanda 17 sm, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Bankədə isə avqustun 10-da 2 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2011-ci il avqustun 10-da 411 sm), Şirvanda 202 sm (2011-ci il avqustun 10-da 290 sm ), Salyanda 150 sm (2011-ci il avqustun 10-da 288 sm), Bankədə 220 sm (2011-ci il avqustun 10-da 242 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2011-ci il avqustun 10-da 134 sm) təşkil edir.