Xəbərlər

2012-ci ilin 6 ayı ərzində meşələrin artırılması, bərpası və mühafizəsi sahəsində görülən işlər

20 İyul 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən 2012-ci ilin 6 ayı ərzində 1256 hektar sahədə meşə əkini və səpini işləri həyata keçirilmişdir. Meşə əkinlərinin becərilməsi məqsədilə 14772 hektar sahədə xidmət, 16274 hektar sahədə isə suvarma işləri aparılmışdır. Müxtəlif ağac və kol cinslərindən 6142 kiloqram toxum tədarük edilmişdir.
Həmçinin tabeli qurumların tinglik sahələrinin səpin şöbələrində 41,92 hektar sahədə toxum səpilmiş, böyütmə şöbələrində 37,99 hektar sahədə 1479 min ədəd toxmacar, kökləndirmə şöbələrində isə 14,01 hektar sahədə 655 min ədəd çilik basdırılmışdır. Eyni zamanda 1324 hektar sahədə torpaq hazırlığı işləri aparılmışdır.
Respublikanın meşə mühafizə işçiləri tərəfindən 2012-ci ilin 6 ayı ərzində 72973 manat köküstə nırx dəyərində 10861 m³ həcmində qanunsuz qırıntılar aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Hesablanmış 72973 manat ziyanın 43258 manatının ödənilməsi təmin olunmuşdur.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 107 iş hüquq mühafizə orqanlarına göndərilmişdir.
Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılmış yoxlamalar zamanı işlərində qanun pozuntusuna yol verdiklərinə görə 160 nəfər meşə mühafizə işçisi barəsində intizam tənbehi tədbiri görülmüş, 46 nəfər isə işdən azad edilmişdir.
Yanğın əleyhinə vaxtaşırı qabaqlayıcı tədbirlər aparılmışdır. 2012-ci ilin 6 ayı ərzində 9,4 hektar sahədə meşə yanğını hadisəsi baş vermiş və operativ qaydada qarşısı alınmışdır. Meşə fonduna əsaslı ziyan dəyməmişdir.