Xəbərlər

Respublikanın çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət

16 İyul 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 15-i gün ərzində, eləcə də 15-dən 16-na keçən gecə və səhərədək ölkə ərazisində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın əksər çaylarında suyun səviyyəsi artmışdır.
Böyük Qafqazın Qusarçay çayında suyun səviyyəsi 19 sm, Qudiyalçayda 4 sm, Vəlvələçayda 29 sm artmış, Kişçaydan və Kürmükçaydan qısamüddətli daşqın keçmişdir. Kiçik Qafqazın Gəncəçay çayında suyun səviyyəsi 11 sm, Gorançayda 120 sm artmış və qısamüddətli daşqın baş vermişdir. Qarasuçayın Zərdab məntəqəsində isə suyun səviyyəsi 69 sm artmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 120-260 , Naxçıvan MR-sı çaylarında isə sululuq ongünlük normanın 150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 13-dən başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 150 m3/s, ongünlük normanın 72 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 208 m3/s və ongünlük normanın 100 faizini təşkil etmişdir.
İyulun 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunmuşdur. Lakin iyulun 16-da suyun səviyyəsi 3 sm azalmışdır. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 120 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 77,0 m3/s təşkil etmiş və ongünlük normanın 69 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, iyulun 13-dən başlayaraq Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 43 sm, Şirvanda 42 sm, Salyanda 30 sm, Bankədə 7 sm, Araz çayının Novruzlu məntəqəsində isə 35 sm azalma qeydə alınmışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 404 sm (2011-ci il iyulun 16-da 448 sm), Şirvanda 284 sm (2011-ci il iyulun 16-da 342 sm ), Salyanda 238 sm (2011-ci il iyulun 16-da 327 sm ), Bankədə 236 sm (2011-ci il iyulun 16-da 259 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2011-ci il iyulun 16-da 155 sm) təşkil edir.