Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

09 İyul 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-85, Kiçik Qafqazın çaylarında 75-145, Lənkəran-Astara bölgəsi çaylarında 200-230, Naxçıvan MR çaylarında isə 70-150 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 06-dan başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 120 m3/s, ongünlük normanın 40 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 217 m3/s və ongünlük normanın 73 faizini təşkil etmişdir.
Son iki gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Lakin iyulun 09-da suyun səviyyəsində 5 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 146 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 85 m3/s təşkil etmiş və ongünlük normanın 58 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam etməkdədir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 35 sm, Şirvanda 46 sm, Salyanda 45 sm, Bankədə 21 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2011-ci il iyulun 09-da 438 sm), Şirvanda 275 sm (2011-ci il iyulun 09-da 315 sm ), Salyanda 238 sm (2011-ci il iyulun 09-da 310 sm), Bankədə 239 sm (2011-ci il iyulun 09-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2011-ci il iyulun 09-da 160 sm) təşkil edir.