Xəbərlər

Şikayət əsasında araşdırma aparılmışdır

17 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 72-ci kvartalının 15-ci bölməsində qanunsuz tikinti aparılması ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Araşdırma zamanı sözügedən ərazidə Qəbələ rayonu Vəndam kənd sakini Coşqun Bağırov tərəfindən əhaliyə iaşə xidmətinin göstərilməsi məqsədilə qanunsuz olaraq (20 m2 və 32 m2 ölçüdə) istirahət və mətbəx təyinatlı otaqların inşa edildiyi aşkar edilmişdir. Sözügedən qanunsuz tikililər təqsirkar şəxs tərəfindən könüllü olaraq sökülmüşdür.
C.Bağırov tərəfindən meşə sahəsində qanunsuz olaraq əsaslı tikinti aparılması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.1998-ci il tarixli 219 saylı Qərarının tələbləri pozulmuş, lakin qanunpozucusu barəsində Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən qanunamüvafiq qaydada tədbir görülmədiyi üçün ETSN tərəfindən müəssisənin direktoru barəsində qanunvericiliyə uyğun qaydada intizam tənbeh tədbiri görülmüşdür.
Meşə fondu torpaqlarında qanunsuz olaraq əsaslı tikintilərin inşa edilməsinə qarşı nəzarətin gücləndirilməsi məqsədilə isə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə və 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə ciddi tapşırıqlar verilmişdir.